Sadıq Qaarayev: BAĞBAN ve YOL

Azerbaycanlı Yazar Sadıq Qaarayev'in Bağban ve Yol isimli öyküsünü öz dilinde sizlerle paylaşıyoruz.

Qarışqalar nizamlı dəstəylə yuvaya doğru, yuvadan uzaqlara gedirdilər, hərdən  bir-birlərinə toqquşub, dəyirdilər... Ancaq bu zaman insanlar kimi bir-birlərinə bozarmırdılar, qarışmırdılar. Mövcudluqları üçün dəmir qanunlardan incə-uzun yollarına  iz salırdılar, öz dünyalarında, yollarında qalırdılar. Baxdım-baxdım, ehtiyatla üzərlərindən adladım.

Sadıq Qaarayev

- Bağdan sonra, hasarın diblərini də dərmənlayarsan, qarışqa zad olur!- ayağını ayağının üstə aşırdıb, kölgədə çay içə-içə telefonda prikollara baxıb, öz -özünə gülən, hərdən də onunla dindən, halalıqdan danışan, keçəl, ağ buxaqlı, boynu balaqlı gənc adam dilləndi. İstədi etiraz etsin, şərtdə belə iş nəzrdə tutulmurdu, lakin gözünün önünə əlli manat və daxmasının apxa tətəfindəki günü- gündən genişlənən çatlar gəldi... O dayanıb, bir xeyli baxdıqdan sonra, başı ilə razılaşdığını bildirdi... Min beş yüz düzəldib, öz həyətində yeni ev tikməyə mane olan, üç-beş kubik hörüləndən sonra gəlib uçurdan dəstənin başçısı, balcaboy, arıq, qarasifət, tülkügöz, hərdənbirsöz, siçanburun, eşşəkqulaq, at mədəli, məmur vəsiqəli adama rüşvət verməliydi... Hesabladı ki, əllinin iyrmisini xərcləyər, otuzunu yığar... Əlli dəfə bu cür iş düşsə, tikintiyə icazə ala bilərdi...

Fidan tuta yaxınlaşdım, bir- ya iki yaşı olardı, ilk bahardı, yarpaqları yeni-yeni açırdı, üzərinə yeni doğan günəşin şəfəqləri saçırdı. Baxdım-baxdım, yarpaqları tumarladım, heç kim yox idi, bəlkə mənə belə gəldi, bilmədim ki, maraq üçün yola çıxdım.

İş qurtaranda, ağbuxaqlı keçəl adam sözünü, özünü, iyirmi manata satdı, israfçılığa, qənatə, halalığa vəs. aid xeyli "ibrətamiz" misallar gətirib mübahisə etdi, onun istidən qurumuş boğazında səsi batdı, ancaq otuz mantadan artıq ala bilmədi…

Boy balaca olnda insan yolu yaxın görür, öz-özündən xəyal hörür. Hələ yola, torpağa, hərdən boylanan çınqıl- daşlara  ucadan baxmırdım, uşaq idim, onlara çox yaxın idim.

Ensiz, torpaqlı, çınqıllı- daşlı yol gəlib, çıxdı torpaqsız, enli yola. Bu yolda yolçular çox idi, daha tək deyildim, amma onlar, elə yol da yad idi... Susqun-susqun gedirdi yolçular, qəribəydi, onlar harasa tələsirdi. -Hara? Maraqla qoşuldum onlara. Qarışqalar, o fidan tut torpaqlı yolun o başında qaldı, maraq, bəlkə də həyat məni yad insanlara yad yola saldı.

Hərdən mənə baxırdılar, gah nəvaziş, gah da isti gülüş atırdılar, soyuq nəzərlər də vardı, nə qəribə yolçulardı...

Suzundan yanırdı, evə çatmağa dözə bilmədi. Yolüstü çay içmək istədi. Daxil olduğu məkanda dedilər burda çay verilmir, ancaq yemək-içmək olar. Həyətdəki ağacların altında səliqəli, ağ süfrəli masalarda yer də yox idi... Nəhayət, boynundan ad-familyası, vəzifəsi asılmış biri yaxınlaşıb, küncdə ona əyləşməyi üçün yer göstərdi...

Yol kənarı mənzərələr dəyişirdi, boz qırlar, yaşıl çəmənlər, düzəndəki, yamacdakı meşələr, kəndlər, şəhərlər keçirdik, deyəsən heç birimiz bilmirdik hara gedirdik, elə biz də dəyişirdik. Yolda qalanlar olurdu, sağa-sola dönən, dar, əyri yollara düşənlər, lap tez, qabağa qaçmaq istəyənlər də vardı, yol yolçulara qaynaşırdı, seyrəlirdi, tez də dolurdu...

Limonlu çaydan dalba-dal üç armudu stəkan içdi, özünə gəldi. Öz-özünə düşündü ki, yox, hələ bu dünyada yaxşı insanlar da vardır və dünya ona görə dağlımır... Sərin meh əsirdi, önünə qoyulmuş qozdan, badamdan, şirniyyatlardan yeyə-yeyə dincəlirdi, xəyalları hərdən gəncliyə də qayıdırdı. Kök, bəstəboy, özündəntoy, tapdığını üz gözünə sürtən, dörddodaqlı adam hərnəgəldi oxuyurdu. Masalara yaxınlaşırdı, pul qoyurdular hara gəldi... Onun da yanına yaxınlaşdı, nə isə qoxuyurdu... Tapdı, bu həmən - payızda qoyunun içinə qoç qatanda sürüdən gələn qoxuyudu...

Hələ torpaqlı, doğma yolda yanımda bir kölgə hiss edirdim, elə mən boyda, indi də deyəsn mənimlə bir yolda. Ancaq elə bil kiçik idi, gücsüzüydü, bəlkədə mən böyümüşdüm, dəyişmişdim o elə öz –özüydü... 

Daha yolda yıxılmırdım, böyümüşdüm, ucalmışdım, güclü idim, tez gedirdim, həm də yerdən az da olsa uzaqlaşmışdım... Yolçuların da çoxu yekəlirdi, göyə ucalırdı, qəribədi sonra yenə  torpağa yaxınlaşırdı, elə bil meyvə kimi qıvşıyırdı...

Arxa tərəfədki masadan bərk gülüşmə səsləri gəldi, çönüb, baxdı. Onlar idi, tikməyə başlamaq istədiyi evi ucalmağa qoymayan, özləri kimi alçaq qalmağını istəyən, tez-tez təpikləyib kubiklərini aşırdanlar...

Masalrının üstündə barmaq tıqqıldatmağa yer yox idi. Hər cür kabablar, içiki, meyvə, yanlarında isə suptropik, gilmeyvəli, gülüşü səbzəli xanımlar... İçi, çölü kiçikboylu, qaraüz başçı adam onun geri çönüb baxmasına əsəbləşdi, lakin tanıyanda gülüb, dedi:- yalvarıb, özünü öldürürsən ki, pulum yoxdur, gör gəlib harda çay içirsən! İndi gör yeməyi harda yeyirsən! Ehh, mən sizləri çox yaxşı tanıyarm e...

Doğurdan yol da, yolçular da çox qəribəydi... Çox şeylər görüdüm, hər dəfədə, nələrsə bildikcə, sehirli, təccüblü olurdu bu yol.. Acanı, suzanı olurdu, eləsi var bir tikəylə, bir qurtum suyla doyurdu.   Dönüb quru yolda akula olanlar, kəssək, daş, külək, it, eşşək, bir sözlə hər şey olnlar da olurdu, deyəsən bu yola indi hər nə gəldi dolurdu... Bir dəstə vardı, paltarsız, arıq, ayaqlarında könə çarıq, çox sakit idilər, başları üstə kölgə , qədimdən gəlirdilər, gələcəyə asta-asta gedirdilər.

Daha yorulmuşdum bu yoldan, geri qayıtmaq istəyirdim, dayandım, öz torpaq, çınqıllı- daşlı, doğma yolu yada saldım.

Çıxıb kənara, oturdum bir qoca ağacın kölgəsində. O idi, fidan tut, böyümüşdü, səmalara ucalmışdı, yarpaqların arasından qürub günəşin şəfəqləri süzülmüşdü. Baxdım yerə, darıxmışdım, torpaq üçün, elə bil bir ömürdü, mən torpaqdan uzaqlaşmışdım... 

Yemək sözünü eşidən kimi elə bil yuxudan ayıldı. Evə tez getməli idi. Tezdən yoldaşı demişdi ki,-- namazımı qılım, uşaqlar makoron qaynadacam, yuxudan durunda yesinlər. Səhər yeməyinə heç nə yoxdur. Pulun olsa , xörək yağı da alarsan. İNŞALLAH işlərin uğurlu olar... O cəld iki manatlıq çıxarıb, çaynikin altına qoyub, sürətli addımlarla getməyə başladı. Restoranın qapısına çatanda, kiminsə çağırdığını eşitdi, çönüb baxdı. Həmin "yaxşı adam" idi. Elə bayaqkı kimi, gülə-gülə ona çek uzatdı. Alıb, baxdı, 25 manat 50 qəpik yazılmışdı.

Qarışqaları gördüm, elə həmən qarışqalar idilər, yenə nizamlı dəstəylə yuvaya doğru, yuvadan uzaqlara gedirdilər, hərdən  bir-birlərinə toqquşub, dəyirdilər... Ancaq bu zaman insanlar kimi bir-birlərinə bozarmırdılar, qarışmırdılar. Mövcudluqları üçün dəmir qanunlardan incə-uzun yollarına  iz salırdılar, öz dünyalarında, yollarında qalırdılar, deyəsən qışa hazırlaşırdılar. Baxdım-baxdım, ehtiyatla üzlərindən adlamaq istədim. Nə etdimsə, bacarmadım, bu nazik-incə yolu keçəmmədim...

Bütün yol boyu mənmlə olduğumu hiss etdiyim kölgə canlandı, əzrayıldı, gülümsəyib, əl uzatdı...

Bir yol da belə sona çatdı...

1932-2024 © Edebiyat Gazetesi
ISSN 2980-0447